Füzuli Mərkəzi Parkı üzrə layihə-smeta sənədlərinin hazırlanması

Füzuli şəhəri | Davam edir | Ekoloji tarazlığın bərpası
01/23

Layihə haqqında

Ümumi məlumat

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması istiqamətində irimiqyaslı layihələr uğurla həyata keçirilir. 

Görülən işlərin bir hissəsi kimi həmin ərazilərdə ekoloji tarazlığın bərpasına da xüsusi önəm verilir.  Məhz bu işlərin çərçivəsində Füzuli şəhərində 22,47 hektar  ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulub.

Parkın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması Qarabağ Dirçəliş Fondunun sifarişi ilə “By Medgalchi” şirkəti tərəfindən həyata keçirilir.  

Park ekoloji turizmin stimullaşdırılması ilə yanaşı bioloji müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynayacaq.

Parkın salınması zamanı nəzərə alınacaq müasirliyin və milli-mədəni irsin vəhdəti Füzuli şəhərinin daha da gözəlləşməsinə xidmət edəcək. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması nəzərdə tutulub. 

Görüləcək işlər

“Tikinti layihəsinin hazırlanması” işlərinin həyata keçirilməsi aşağıdakı mərhələlərdən ibarətdir: 

  • Hazırlıq işləri; 
  • Konsept layihəsinin hazırlanması; 
  • Texniki layihənin hazırlanması; 
  • Layihənin ekspertizadan keçirilməsi və aidiyyəti qurumlardan müvafiq icazə və rəylərin alınması. 

Qeyd olunmalıdır ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2022-ci il tarixində Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.

Təqdimat zamanı dövlət başçısı və birinci xanım tərəfindən parkın salınması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, eyni zamanda həmin layihəyə uyğun olaraq Füzuli Mərkəzi Parkının ilk ağacları ölkə rəhbərliyinin iştirakı ilə əkilərək layihənin reallaşdırılmasına start verilib.