"Karabakh.Center" internet resursu
“Karabakh.Center” layihəsinin təqdimat mərasimi keçirilib
Qarabağ Dirçəliş Fondu 30 iyun 2021-ci il tarixində uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın dünya ictimayyətinə çatdırılmasına həsr olunmuş “Karabakh.Center” layihəsinin və bu mövzuda fotosərgisinin təqdimatını keçirib.
“Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.
“Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.
Saytın "Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.
Saytın təqdimat tədbirində QDF-in Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvləri - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Rövşən Rzayev, Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov iştirak edib.
Tədbirdə Müşahidə Şurası ilə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Türkiyə və Pakistan səfirləri, dövlət qurumlarının nümayəndələri, diplomatlar, ictimai şəxslər, biznes və KİV nümayəndələri də qonaqlar sırasında olub.
Tədbiri açılış nitqi ilə İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının Sədri Mikayıl Cabbarov açıb.
Mikayıl Cabbarov qeyd edib ki, biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik, daimi, dayanıqlı inkişafı hədəfləməliyik, elə bu səbəbdən Qarabağ Dirçəliş Fondununun fəaliyyəti müvəqqəti yox, daimi proses olmalıdır. “Biz işğaldan azad edilmiş ərazilərdə abidələrimizin bərpa edilməsinin şahidi olacağıq. Artıq möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə işlərə başlanılıb. Qarabağ Dirçəliş Fondu da bu işə öz töhfəsini verəcək”- deyə nazir bildirib.
O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Karabakh.Center" layihəsinin Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdiyini bildirib.
Qonaqları salamladıqdan sonra internet-resursu haqqında geniş məlumat verən Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan çox hörmətli Mehriban xanım Əliyevaya göstərdiyi etimada, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, onu bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüyü üçün öz dərin minnətdarlığını ifadə edərək, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.
O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə (AZTV) təşəkkür edib. Sədrin sözlərinə görə saytın işi bununla məhdudlaşmayacaq, veb-sayt üzərində iş davam etdiriləcək, mütəmadi olaraq əlavə edilən yeni foto-materiallar və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəlişi və bərpa prosesinə həsr olunan materiallara xüsusi yer veriləcək.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Muxtar Babayev bildirib ki, Qarabağda işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dolğun məlumatların dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının rolu çox böyükdür. Bu baxımdan Qarabağ Dirçəliş Fondu tərəfindən “Karabakh.Center” internet resursunun yaradılmasının müstəsna əhəmiyyətə malikdir.
Nazir qeyd edib ki, istər təbii sərvətlər, istərsə də biomüxtəliflik baxımından olduqca zəngin olan Qarabağ bölgəsinə Ermənistanın törətdiyi ekoloji terror nəticəsində çox ciddi ziyan vurulub. Hazırda qarşımızda təbiət ərazilərimizin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətə gətirilməsi kimi mühüm vəzifə dayandığını deyən nazir, işaldan azad edilmiş ərazilərimizdə zəngin su ehtiyatlarının olduğunu və həmin ərazilərdə kurort-rekreasiya zonalarının yaradılacağını diqqətə çatdırıb.
Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım çıxışı zamanı “Karabakh.Center” portalında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi, dini abidələrin tamamilə məhv edilməsi faktlarının öz əksini tapdığını qeyd edib.
Fatma Yıldırım sahibkarları Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə çağırıb. Postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir proses olduğunu vurğulayan millət vəkili, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən və dağıdılan şəhər və kəndlərimiz sözün əsl mənasında müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır, bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq.
Tədbirdə dağıdılmış binalar, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.
Sonda dəvətlilərə iştirakına görə təşəkkürünü bildirən Rəhman Hacıyev, qonaqları erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxmağa dəvət edib.