"Karabakh.Center" internet resursu

Karabakh.Center
Qarabağ Dirçəliş Fondu Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində "Karabakh.Center" layihəsini təqdim edib

Qarabağ Dirçəliş Fondu Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində "Karabakh.Center" layihəsini təqdim edib

20-22 oktyabr 2021-ci il tarixlərində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” sərgisi keçirilib.

Qarabağ Dirçəliş Fondu sərgidə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh Center" layihəsini təqdim edib.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı da üzə çıxdı. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır. Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi işğaldan azad edilən ərazilərin bərpası istiqamətində aparılan işlərə töhfə verməklə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə nümayiş etdirmək imkanı da yaradıb.

Qeyd edək ki, işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkilləri və videogörüntülərinin yer aldığı “Karabakh.Center” (https://karabakh.center/az) internet resursu sərgi iştirakçıları və ziyarətçilərinin diqqətini çəkib. Sərgidə vətəndaşlarımızla yanaşı, xarici ölkələrin nümayəndələri də layihəyə böyük maraq göstərib.

Zərərin miqyası ilə tanış olan ziyarətçilər #KarabakhChallenge kampaniyasına qoşularaq Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə yerindəcə Fonda ianə edib. Fondun veb səhifəsi vasitəsilə ianə edən şəxslər “İanə sertifikatı” əldə edib.

Stendə Fondun təşkilatçılığı ilə tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, beynəlxalq art müsabiqələrin laureatı və mükafatçısı Həlimə Ələsgərovanın “Qarabağda payız” adlı rəsm masterklası keçirilib. Masterklasda iştirak edən “Azərbaycan Uşaqlar Birliyi”nin şagirdləri eyni zamanda Fonda öz əl işlərini hədiyyə edib.

Məlumat üçün bildirək ki, Caspian Event Organisers (CEO) şirkəti və Qarabağ Dirçəliş Fondu arasında imzalanan Memoranduma əsasən, CEO "Rebuild Karabakh" sərgisində iştirak edən şirkətlərin qeydiyyat haqlarının bir hissəsini azad edilmiş ərazilərin bərpası üzrə işlərin həyata keçirilməsi üçün Fonda ianə edəcək.

Fonda edilən ianələr Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində infrastrukturun, yaşayış evlərinin və mədəni-tarixi abidələrin bərpa və yenidən qurulmasına, ekoloji vəziyyətin yaxşılaşdırılması və sosial rifahın yüksəldilməsinə yönəldiləcəkdir.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Digər xəbərlər