"Karabakh.Center" internet resursu
Qarabağ Dirçəliş Fondu “Qarabağda Urbisid” fotosərgisini müxtəlif platformalarda nümayiş etdirir
Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin bu ərazilərdə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.
Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda Urbisid” sərgisini mütəmadi olaraq fərqli platformlarda təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı 4-6 noyabr 2021-ci il tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda 8-ci Qlobal Bakı Forumu keçirilib.
Bakı Forumunda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edib.
3 gün davam edən tədbir çərçivəsində Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "Karabakh Center" layihəsi əsasında “Qarabağda Urbisid” fotosərgisi nümayiş olunub.
Bildirək ki, eyni adlı sərgi və dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” videoçarxı 5 noyabr 2021-ci il tarixində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan, Rusiyanın Milli Müdafiə Jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirakı ilə ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” adlı tədbirdə də nümayiş etdirilib.
“Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. (https://karabakh.center/az)