
24 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə Şuşa şəhərində “Qarabağ Gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Şuşa şəhərinin sakinləri iştirak ediblər.
Anım Gününün 6-cı ildönümü çərçivəsində təşkil olunan tədbirin açılış mərasimində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə salamlama nitqi ilə çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov ilk növbədə “Qarabağ Gecəsi – Şuşa” xeyriyyə konsertinin təşkilində əməyi keçən Qarabağ Dirçəliş Fonduna və tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, belə bir musiqi tədbirinin Şuşada keçirilməsini yüksək qiymətləndirərək, konsertin şəhərin mədəni həyatının zənginləşdirilməsi və Şuşanın musiqi ənənələrinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıb.
Tural Novruzov Şuşanın Azərbaycanın mədəniyyət və musiqi tarixində xüsusi yer tutduğunu qeyd edərək, şəhərdə bu kimi tədbirlərin keçirilməsinin onun mədəni irsinin qorunmasına və yeni nəsillərə ötürülməsinə mühüm töhfə verdiyini bildirib. O, “Qarabağ Gecəsi” layihəsinin növbəti dəfə Şuşada keçirilməsinin şəhərin mədəni həyatına töhfə verən təşəbbüslərdən biri olduğunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağ Gecəsi” xeyriyyə konsertinin məqsəd və əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə yanaşı, mədəni həyatın canlandırılması, tarixi-mədəni irsin qorunması və Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması da xüsusi əhəmiyyət daşıyır.
Rəhman Hacıyev qeyd edib ki, “Qarabağ Gecəsi” xeyriyyə konsertinin Şuşada keçirilməsi artıq ənənəyə çevrilib. İlk dəfə 2024-cü ildə Şuşa şəhərində keçirilən konsert zamanı Şuşa şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalının hədiyyə edildiyini xatırladan İdarə Heyətinin sədri vurğulayıb ki, bu musiqi aləti Şuşada keçirilən konsertlər və digər mədəni tədbirlər üçün yeni imkanlar yaradaraq şəhərin mədəni həyatına öz töhfəsini verir.
Bu günədək altı dəfə keçirilən “Qarabağ Gecəsi” xeyriyyə konsertlərinin təşkilinə və həyata keçirilməsinə Fondun donor və tərəfdaşlarının göstərdikləri dəstəyin xüsusi əhəmiyyət daşıdığını deyən Rəhman Hacıyev bunu Qarabağın dirçəlişi naminə birlik və həmrəyliyin təzahürü kimi qiymətləndirib.
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli də çıxış edərək “Qarabağ Gecəsi” layihəsinin əhəmiyyətindən danışıb, Şuşanın Azərbaycanın musiqi və mədəniyyət tarixində xüsusi yerini qeyd edib.
Çıxışlardan sonra bədii hissə ilə davam edən tədbirdə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Yeganə Axundova (piano), Əməkdar artist Emil Əfrasiyab (piano), solistlər Nəzrin Aslanlı (violin), Mahir Tağızadə, Aysun Mahmudzadə və Səbinə Əsədova konsert zamanı dinləyicilərə unudulmaz musiqi anları bəxş ediblər.
Xatırladaq ki, sentyabrın 23-də Anım Gününün 6-cı ildönümü çərçivəsində Laçında təşkil olunan “Qarabağ Gecəsi - Laçın” xeyriyyə konserti zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən Laçın şəhərinə də “Yamaha” istehsalı olan konsert royalı hədiyyə edilib.



























































