#KarabakhTalks müzakirə platforması
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri AmCham Azərbaycan üzvləri ilə görüşüb
Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin iştirakı ilə Qarabağın bərpası və yenidənqurulmasına həsr olunan işgüzar görüş təşkil edib.
Tədbirdə AmCham-ın 100-dən çox üzvü və bir çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.
AmCham-ın Prezidenti Nərgiz Nəsrullayeva çıxışı zamanı Qarabağ Dirçəliş Fondunun fəaliyyətini təqdir etdiklərini, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsində donor qismində iştirak etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşdə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri, Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi, Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verən Rəhman Hacıyev yerli və xarici biznes nümayəndələri ilə belə görüş imkanları yaratdığına görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.
Rəhman Hacıyev Fondun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edərkən bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra regionda yaranan yeni reallıq, eyni zamanda Qarabağda dağıntıların miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi olduqca zəruri edir.
Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdığını vurğulayan sədr ianəçilik mədəniyyətinin təbliği və QDF-in bu istiqamətdə həyata keçirdiyi təşviqat tədbirləri barədə danışıb.
R.Hacıyev Fondun həyata keçirdiyi bir çox layihələr, ayrılan maliyyə vəsaitləri barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpasının Fond üçün ən prioritetli məsələlərdən olduğunu qeyd edən Rəhman Hacıyev, QDF-in bu istiqamətdə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.
İşaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, bu çərçivədə Fond tərəfindən maliyyə dəstəyi göstərilən layihələrin icra prosesi barədə danışan sədr, maliyyə dəstəyinin qrant şəklində ayrıldığını və bütün qrantlar “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktlarına uyğun olaraq həyata keçirildiyini bildirib. Qeyd edib ki, bununla bağlı Fondun daxili risklərini azaltmaq üçün, Müşahidə Şurası tərəfindən təsdiqlənən Qrantın verilməsi Qaydalarında bir neçə xüsusi mexanizm nəzərdə tutulub (o cümlədən, Qrant komissiyasının təşkili, sənədlərin düzgünlüyünün fərqli şöbələr tərəfindən yoxlanması qrantın alınması üçün müraciət edənin etibarlılığı, maliyyə vəziyyətlərinin sabitliyi, korrupsiyaya dözümsüzlülüyü və müsbət işgüzar nüfuzunun yoxlanılması və s.).
R.Hacıyevin sözlərinə görə, fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə Fond özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçiri. Bu isə öz növbəsində rəqabətliliyin artırılmasına, sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir.
Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu və Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan azyaşlı qurbanların xatirəsinə həsr olunan “Karabakhmemorial.com” layihələri ilə tanış edib.
Tədbirdə “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” fotosərgisi və videoçarxı nümayiş olunub.
Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.