“Qarabağ gecəsi – Şuşa” xeyriyyə konserti

Şuşa şəhəri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/14

Layihə haqqında

  • Tarix: 22 sentyabr 2024-cü il
  • Təşkilatçı:  Qarabağ Dirçəliş Fondu
  • Təşkilati dəstək:  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Konsert haqqında məlumat:

22 sentyabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən “YAMAHA” istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər.

Sözügedən musiqi aləti “Qarabağ gecəsi” 2022  xeyriyyə konsertinin sponsor və bilet satışından əldə edilən vəsait hesabına alınmışdır.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünya şöhrətli tenor Yusif Eyvazov, Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Dünya şöhrətli tenor Yusif Eyvazov Azərbaycan klassik musiqisi ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını böyük məharətlə ifa edib.

Eyni zamanda maestro Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası və “Ave Maria” əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə təşkil olunan “Qarabağ gecəsi” xeyriyyə konsertinin keçirilməsi müxtəlif illərdə Fondun korporativ donorları, o cümlədən “Avrora Qrup”, “İTALDIZAYN” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC və “Reform Group” MMC-nin dəstəyi ilə təşkil olunub.