“Qarabağ Gecəsi” xeyriyyə konserti (2025)

Bakı şəhəri | Yekunlaşıb | Təşviqat işləri və çevik kommunikasiyalar
01/21

Layihə haqqında

  • Təşkilatçı:  Qarabağ Dirçəliş Fondu
  • Təşkilati dəstək:  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, “iTicket Production” MMC
  • Tərəfdaşlar: “Tamstore” marketlər şəbəkəsi, “Azərlotereya” ASC, “Huner Group” MMC
  • İnformasiya dəstəyi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
  • İştirakçı sayı: 400-dən artıq

Qeyd: Konsertdən əldə edilən vəsait Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, eləcə də şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Konsert haqqında məlumat:

8 iyul 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.

Artıq 5-ci dəfə təşkil olunan konsert “Tamstore” marketlər şəbəkəsi, “Azərlotereya” ASC və “Huner Group” şirkətinin sponsorluğu, eləcə də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə baş tutub.

Tədbirdə hökumət rəsmiləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə məşhur xarici və yerli müəlliflərin opera janrında yazdıqları əsərlərdən parçalar ifa edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar. Böyük maraqla qarşılanan konsertin dirijoru isə Mustafa Mehmandarov olub.

Tədbirin aparıcısı:

Fəridə Abdulla

Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib. Rəsmi ziyafətdə həmrəylik nümayiş etdirərək konsertin ərsəyə gəlməsində Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara, eləcə də konsertin ifaçılarına xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.

Qeyd edək ki, konsert zamanı Filarmoniyanın foyesində ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları nümayiş etdirən “Qarabağda Urbisid” və həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgiləri də təşkil olunub.