“Qarabağ gecəsi - Gəncə” xeyriyyə konserti (2023)
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Gəncədə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib
17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə şəhid və qazi ailələri, hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də Gəncə şəhərinin sakinləri iştirak ediblər.
Konsertə ölkəmizin tanınmış aparıcıları Tural Əsədov və Nərmin Xəlilova aparıcılıq ediblər.
İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə ediləcək vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb:
“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Qarabağ Dirçəliş Fondu olaraq bu işlərə töhfə verdiyimiz üçün qürur duyuruq”.
İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.
Konsertin baş sponsoru olan “Veysəloğlu” Şirkətlər Qrupunun baş icraçı direktoru Burak Dəniz çıxış edərək bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd edərək, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Mədəniyyət televiziyası ilə canlı yayımlanan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Ansamblın instrumental heyəti, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.
Anşlaqla keçən konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.
Rəsmi ziyafətdə bilet əldə edərək konsertin keçirilməsinə öz töhfələrini verən donorlara - Veysəloğlu Şirkətlər Qrupuna, Ədliyyə Nazirliyinə, Bank of Baku-ya, Kapital Bank-a, Yellow Bank-a, Vəkillər Kollegiyasına, Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna, Liv Bona Dea Hospitala, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə, “Caspian Event Organisers” MMC-yə, “Universal Pro” MMC-yə, “Embawood”, “McDonald’s” şirkətlərinə, “Azərlotereya” ASC-yə Fondun “Təşəkkür Sertifikatı” təqdim olunub.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub. “Avrora Qrup”un baş sponsorluğu ilə baş tutan konsertdən toplanan vəsait hesabına Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti - royal alınacaq.