“Qarabağ gecəsi - Gəncə” xeyriyyə konserti (2023)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası (Gəncə şəhəri)
“Qarabağ gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olundu

“Qarabağ gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olundu

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan mədəniyyət xadimlərinin təltifetmə mərasimi keçirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan mərasimdə konsertin bədii hissəsində iştirak edən incəsənət xadimlərinə, eləcə də konsertin aparıcılarına “Təşəkkür Sertifikatı” təqdim olunub.

Xatırladaq ki, Mədəniyyət televiziyası ilə canlı yayımlanan konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Ansamblın instrumental heyəti, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər. Konsertin aparıcıları Tural Əsədov və Nərmin Xəlilova olub.

Təltif olunan sənət adamları işğaldan azad olunan ərazilərin bərpasına töhfə vermək kimi mühüm bir missiyada iştirak etmələrinə şərait yaradıldığı üçün təşəkkür ediblər.

Qeyd edək ki, xeyriyyə konserti 17 iyun 2023-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Gəncə şəhərində keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə şəhid və qazi ailələri, hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də Gəncə şəhərinin sakinləri iştirak ediblər.

Anşlaqla keçən konsertdən əldə edilən 140.220 manat vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Digər xəbərlər