“Qarabağ gecəsi” xeyriyyə konserti
Ümumi məlumat
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra doğma Qarabağda aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.
Dövlət başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.
Bu kontekstdə ianə mədəniyyətinin təşviqi və iştirakçılığın artırılması istiqamətində mədəni - kütləvi tədbirlərin təşkili xüsusi önəm daşıyır. “Qarabağ gecəsi” adlı xeyriyyə konserti də məhz bu cür tədbirlərdəndir.
Bu günə qədər ikisi Bakıda, biri Gəncədə, biri isə Şuşada olmaqla 4 analoji konsert təşkil olunub. Bütün konsertlər Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib.
Tədbirlərdə hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunmalıdır ki, “Qarabağ gecəsi” xeyriyyə konsertləri Fondun donorları - “Avrora Qrup”, “İTALDIZAYN” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC, “Reform Group” MMC və digər donor və tərəfdaşlarının dəstəyi ilə təşkil olunub.
Konsertlərdən əldə edilən vəsait işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, əsasən də burada mədəniyyət obyektlərinin bərpa olunması və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən “Pənahəli xanın İmarət Kompleksində bərpa-yenidənqurma işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması" layihəsinin icrasına yönəldilib. Eyni zamanda “Yamaha” istehsalı olan royal musiqi aləti alınaraq Şuşa şəhərinə hədiyyə edilib.