Mütərəqqi idarəetmə
Əməliyyat mükəmməlliyinə (operational excellence) nail olmaq üçün Qarabağ Dirçəliş Fondu gündəlik fəaliyyətində qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edəcək (Nizamnamənin 4.1-ci bəndinin tələblərinə uyğun olaraq).
Bu standartları əməliyyatlarda tətbiq etmək üçün Nizamnamədə əks olunmuş müddəalarla yanaşı, Fond aşağıdakıları nəzərdə tutur:
- Hökumət, məcburi köçkünlər, donorlar, tərəfdaşlar, işçilər, podratçılar və bütövlükdə müxtəlif steykholderlərin maraqlarını nəzərə alan qayda, siyasət (policy) və proseslərdən ibarət olan idarəetmə sistemini yaradacaq və təkmilləşdirəcək;
- Uzunmüddətli strategiyaya, korporativ məqsədlərə, davamlı inkişafa, iş etikasına, korporativ mədəniyyətə və bu kimi məsələlərə diqqət yetirəcək;
- Müvafiq steykholderlərə - hökumətdən tutmuş geniş ictimaiyyətə qədər, müntəzəm illik hesabatların təqdim edilməsi və müstəqil auditin keçirilməsi yolu ilə Fondun şəffaflığını və hesabatlılığını müvafiq səviyyədə təmin edəcək;
- Bütün əməliyyatlarda risklərin idarə edilməsi prinsiplərinin (fərdi məlumatların təhlükəsizliyi, səlahiyyətlərin bölünməsi, ikili nəzarət və s.) tətbiqi, qabaqcıl texnologiyalardan istifadə və biznes proseslərinin rəqəmsallaşdırılması yolu ilə işin səmərəliliyini artıracaq.
Bu məqsədlə, Fond öz funksional bölmələrinin fəaliyyətini, biznes proseslərini, həmçinin bütün əməkdaşların vəzifə təlimatlarını təfərrüatı ilə təsvir edən müvafiq sənədlərin işlənib-hazırlanmasına və daima təkmilləşdirilməsinə xüsusi diqqət ayıracaq. Bu işin çərçivəsində funksional struktur bölmələri və əməkdaşlar qarşısında dəqiq hədəf və tapşırıqların (KPI) qoyulmasına xüsusi diqqət ayrılacaq.
Qeyd olunduğu kimi, Qarabağ Dirçəliş Fondu "rəqəmsal" təməl üzərində qurulacaq ki, bu da biznes proseslərinin, layihələrin səmərəli idarə olunması qaydasının, tərəfdaşlarla əlaqələrin və ianələrin toplanması prosesinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Rəqəmsallaşdırma Fondun fəaliyyətinin aşağıdakı aspektlərini əhatə edəcək:
- Vahid korporativ vebsayt (Fondun xarici kommunikasiya mərkəzinə çevriləcək);
- Müəssisə Resurslarının Planlaşdırılması Sistemi (ERP) / elektron sənəd dövriyyəsi;
- İntranet;
- Layihələrin idarə olunması və CRM (tərəfdaşlarla münasibətlərin idarə edilməsi);
- Mühasibatlıq;
- Məlumatların saxlanması və arxivləşdirilməsi;
- İanə toplanmasının rəqəmsal formatda həyata keçirilməsi imkanlarının genişləndirilməsi.
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının 20.12.2021-ci il tarixli qərarı ilə təsdiq olunub.